Rahid Əmirquliyev “Xəzər Lənkəran”da məşqçi qoymadı
20 Noyabr 2015 18:50 İdman"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev karyerasını davam etdirən futbolçular arasında rekordçudu. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi eyni klubda daha çox baş məşqçi görməklə diqqət çəkir. 2006-cı ildə "Şahdağ"dan "Xəzər Lənkəran"a keçən Əmirquliyev geridə qalan 9 il ərzində 14 məşqçinin rəhbərliyi altında oynayıb. Ağasəlim Mircavadovun cənub klubuna qazandırdığı futbolçu o vaxtdan bəri 15 dəfə məşqçi dəyişikliyinə şahidlik edib. Çünki Mircavadov və hazırkı baş məşqçi Yunis Hüseynov 2 dəfə bu postda qərar tutub.
14 məşqçidən 3-ü "ağ-yaşıllar"da baş məşqçi funksiyasını müvəqqəti yerinə yetirib.
Belə ki, Hafiz Əliyev, Emin Quliyev və Covanni Melkiorre müxtəlif dönəmlərdə baş məşqçi istefasından sonra bir neçə oyunluq bu vəzifəni icra ediblər. Konkret olaraq, Əliyevlə Melkiorre 1, Quliyev isə 5 dəfə Rahid Əmirquliyevə rəhbərlik edib.
Bu 3 mütəxəssisi nəzərə almasaq, yığmamızın üzvü indiyə qədər "Xəzər Lənkəran"da 11 baş məşqçi görüb.
Bunlar Ağasəlim Mircavadov, Rasim Kara, İqor Ponomaryov, Mirça Rednik, Cüneyt Biçər, Karles Bakes, Con Benjamin Toşak, Mustafa Dənizli, Oğuz Çətin, Elbrus Məmmədov və Yunis Hüseynovdu.
Rahid 2004-cü ildə yaranmış "Xəzər Lənkəran" tarixində yalnız Nazim Süleymanov, Viktor Pasulko və müvəqqəti baş məşqçi Şenol Fidanla birgə çalışmayıb. Həmçinin, o, Rasim Karanın ilk dönəmində də komandada olmayıb. Bu isə o deməkdi ki, futbolçu "Xəzər Lənkəran"ın yarandığı gündən bəri 13 baş məşqçisindən 11-ni görüb.
Qeyd edək ki, Rahid Əmirquliyev karyerası ərzində "Xəzər Lənkəran"da 313 oyun keçirib, 33 qola imza atıb.