“Qayıdışımı qollarla qeyd edəcəm” – “Tottenhem”in hücumçusu
20 Noyabr 2015 18:40 İdman"Zədədən qayıtdıqdan sonra ilk oyunumu yığmanın heyətində keçirdim və 2 qol vurdum. Buna görə çox xoşbəxtəm. Özümü yaxşı hiss edirəm. Qollarımın davamını klubumda gətirmək istəyirəm". Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Tottenhem"in cənubi koreyalı futbolçusu Hun-min Son deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın rəqiblərindən olan London klubunun hücumçusu iddialı danışıb. O, qarşıdan gələn "Vest Hem"lə çempionat, "Qarabağ"la isə Avroliqa görüşündə qol vurmaq üçün əlindən gələni edəcəyini bildirib: "Hücumçuyam. Buna görə də, hər dəfə meydana çıxanda qol vurmaq istəyirəm. Mənim üçün hansı komandaya qarşı oynamağın heç bir fərqi yoxdu. Ümid edirəm ki, qayıdışımı qollarla qeyd edəcəm. "Tottenhem"də özümü xoşbəxt hiss edirəm".
Cari mövsümü yaxşı keçirdiklərini bildirən Son güclü heyətə malik olduqlarını qeyd edib: "Qarşıda bizi vacib oyunlar gözləyir. İlk növbədə, "Vest Hem"lə çempionat görüşünə çıxacağıq. Daha sonra Avropa Liqasında oyunumuz var. Hər iki matçda qol vurub, komandama qələbə qazandırmaq istəyirəm. Bunu bacaracağıma ümidliyəm. Kollektivimizdə səviyyəli futbolçular qərarlaşıb. Bu heyətlə istədiyimiz nəticəyə imza ata bilərik. Komanda yoldaşlarımın üzündə daim təbəssüm görürəm. Qarşıdakı oyunlarla bağlı hər birimiz pozitiv fikirdəyik".
Qeyd edək ki, Bakıda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçı noyabrın 26-da baş tutacaq.