PAOK-da son durum: biri sıradan çıxdı, ikisi qayıtdı
19 Noyabr 2015 19:55 İdmanAvropa Liqasının qrup mərhələsi çərçivəsində gələn həftə "Qəbələ" ilə qarşılaşacaq PAOK klubu oyuna itki ilə çıxacaq. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Saloniki təmsilçisinin gənc yarımmüdafiəçisi Xaris Xarisis zədələnib. 20 yaşlı futbolçu yığmanın düşərgəsində zədə alıb. Dərhal Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçən Xarisisin sağ bud nahiyəsindən xəsarət aldığı, zədəsinin ciddi olduğu bildirilir. Konkret hansı müddətə sıradan çıxdığı bəlli olmasa da, yunanıstanlı futbolçunun növbəti çempionat oyununda və Avrokubok matçında iştirak etməyəcəyi məlum olub. Əvəzində PAOK-un aparıcı oyunçularından olan Eyal Qolasa sıraya dönüb. Zədəsini sağaldan israilli yarımmüdafiəçi "Qəbələ" ilə matçda iştirak edəcək. Bundan əlavə, Albaniya yığmasının üzvü Erqis Kaçe də "qırmızı-qaralar"la görüşdə PAOK-a kömək edə biləcək.
Qeyd edək ki, PAOK - "Qəbələ" matçı noyabrın 26-da, 28703 nəfərlik "Tumba" stadionunda keçiriləcək.