“Dedim ki, Azərbaycan yığması real səviyyənizi göstərdi”

21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Dmitri Xomuxa "sport-ekspress" nəşrinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, AVRO-2017-nin Bakıda keçirilən seçmə oyununda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzan şimallıların çalışdırıcısı qarşılaşma və Rusiya Futbol İttifaqına cavab verməli olması haqda danışıb.

- Oyundan 2 gün keçəndən sonra məğlubiyyətə səbəb kimi nəyi göstərə bilərsiz?

- Səbəb bir deyil, bir sıra amillər var. Azərbaycanla qarşılaşmaya qədər 2 oyun keçirmişdik. Xorvatiya ilə yoldaşlıq və Farer adaları ilə seçmə mərhələ matçında müsbət nəticə qazanmışdıq. Bu da oyunçuların motivasiyasını aşağı saldı. Onlar elə bilirdilər ki, Azərbaycanla görüşdə əvvəlki qədər güc sərf etmək kifayətdi. Bu da bizi "yandırdı".

- Belə çıxır ki, rəqibə yuxarıdan aşağı baxmaq amili məğlubiyyətin əsas səbəblərindəndi...

- Demək olar ki, hə. Düzdü, futbolçuları çalışmamaqda qınamaq olmaz. Lakin hücumların sonunda konsentrasiya itirməyimiz aşkar hiss olunurdu.

- Oyunun əvvəlində Mirançuk qol vursaydı, qarşılaşma başqa cür nəticələnə bilərdi?

- Bu halda yekun nəticənin necə olacağını deyə bilmərəm. Amma qol olsaydı, meydan sahibləri irəli atılacaq, bizim üçün boşluqlar yaranacaqdı.

- Komandamızın müdafiə xəttinin bərbad oynaması fikri ilə razısız?

- Bəli, buna heç bir şübhəm yoxdu.

- Onda niyə klublarında daim oynayan Morozovla Nabiullini bu matçlara çağırmamısız?

- Soyadlar çəkməyə hazır deyiləm. Çünki gənclərə işlərinə münasibətlərini göstərmək imkanını həmişə verirəm.

- Azərbaycanla oyundan sonra yetirmələrinizə nə dediniz?

- Dedim ki, sizə klublarda özünüzü göstərmək üçün imkan verilməməsi haqda söhbətlər gəzir. Azərbaycan yığması isə real səviyyənizi göstərdi. Bu üzdən şikayətləriniz yersizdi. İlk gündən müsahibə vermək əvəzinə öz klubunda çalışıb, oynamaq lazımdı.

- Azərbaycan millisində futbolçularla bağlı vəziyyət fərqlidi?

- Onlar Azərbaycan çempionatında daim öz klublarında oynayır və təcrübə toplayırlar.

- Rusiya Futbol İttifaqının rəhbərliyi ilə aranızda ciddi söhbət olubmu?

- Bu görüşümüz hələ olmayıb. Azərbaycanla oyundakı məğlubiyyətə görə bunun keçiriləcəyini dəqiq deyə bilərəm. Lakin onun nə vaxt baş tutacağı bilinmir.

- Çoxları sizin U-21-də çalışmağa hazır olmadığınızı deyir...

- İndi mən nə isə desəm, bu, uduzanların müdafiəsi xarakteri daşıyar. Məğlubiyyətə bəraət qazandırmaq istəmirəm. Hər şeyi zaman göstərəcək. Əvvəl çalışdığım yeniyetmələr yığması ilə gənclər millisi arasında iş cəhətdən ciddi fərq görmədim. Seçmə mərhələdəki oyunlarımıza gəlincə, onların hər birində hadisələr tam fərqli nəticələnə bilərdi. Haqq qazandırmaq istəmirəm, hesab tablodadı. Bütün istiqamətlərdə ciddi söhbət olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31