“El Klasiko”: 1 bilet 2697 avro!
18 Noyabr 2015 18:50 İdmanNoyabrın 21-də baş tutacaq "Real" - "Barselona" matçına maraq gündən günə artır. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, hətta bir bilet üçün 2 min avrosundan keçən də var.
Bilet satışı ilə məşğul olan "Ticketbis" şirkətinin yaydığı xəbərə görə, La Liqanın XII turu çərçivəsində keçiriləcək "El Klasiko" üçün hələlik satılan ən bahalı biletin qiyməti 2697 avrodu. Bu biletin sahibi "Santyaqo Bernabeu" stadionundakı qarşılaşmanı VİP tribunasından izləyəcək.
"Ticketbis" şirkətinin idarə heyətinin sədri Ander Miçelena bilet satışı üçün dünyanın bir çox ölkələrindən tələblər aldıqlarını bildirib. Onun sözlərinə görə, əllərindəki biletlərin orta satış qiyməti 659 avrodu: "Halbuki ötən mövsüm bu, 600 avro idi. "El Klasiko" Madrid şəhəri üçün böyük bir turizm gəliridi. 25 fərqli ölkədən bilet alınıb. Oyuna ən çox fransız və ingilis azarkeşlər maraq göstərirlər".
"Ticketbis" şirkətinin yaydığı xəbərdə o da qeyd olunub ki, "Real" "Santyaqo Bernabeu"da keçirdiyi liqa görüşü üçün bir biletdən 57.49 avro, "Barselona"nın isə "Nou Kamp"dakı qarşılaşmanın bir biletindən 100.28 avro qazanır.
Qeyd edək ki, ötən mövsümdəki "Real" - "Barselona" oyununda ən bahalı biletin sahibi olmuş argentinalı azarkeş 2951 avro xərcləmişdi.