“Bütün Danimarkanı təqaüdə göndərdim” – Zlatan İbrahimoviç

"Danimarkalılar oyundan öncə çox iddialı danışırdılar. Kimin güclü olduğu isə meydanda göründü". Apasport.az saytının məlumatına görə, bu sözləri İsveç yığmasının kapitanı Zlatan İbrahimoviç deyib. Avro-2016-nın pley-off mərhələsinin cavab görüşləri çərçivəsində dünən Danimarkanın qonağı olan isveçlilər 2:2 hesablı heç-heçəyə imza atıblar. İlk görüşdə 2:1 hesablı qələbə əldə edən Erik Hamrenin komandası adını Avropa çempionatının final mərhələsinə yazdırıb. Danimarkada keçirilən cavab görüşündə komandasının hər 2 qoluna imza atan İbrahimoviç İsveç mətbuatına özünəməxsus açıqlaması ilə diqqət çəkib. Rəqibin "bostanına daş atan" 34 yaşlı hücumçu onlara ən layiqli cavabı meydanda verdiyini bildirib: "Məni təqaüdə göndərəcəklərini düşünürdülər. Amma mən bütün Danimarkanı təqaüdə göndərdim. Çox deyirdilər ki, biz Danimarkaya qalib gələ bilməyəcəyik, amma biz bunu bacardıq. Ürəkdən oynadıq və hər iki görüşdə keyfiyyətli futbol sərgilədik. Ən yaxşı oyunçular ən yaxşı turnirlərdə iştirak etməlidilər. Yəqin ki, bu çempionat yığmanın heyətində iştirak edəcəyim sonuncu turnir olacaq". İbrahimoviç qeyd edib ki, qəzetlərdə yazılanlar onları əsəbiləşdirirdi: "Avropa çempionatına vəsiqə əldə etməyimiz üçün bütün gücümü meydanda qoydum. Amma biz bu uğura komanda olaraq, imza atdıq. Final fitinə qədər rahatlaşmadıq. Hakim oyunu başa çatdıranda isə artıq Avropa çempionatında iştirak edəcəyimizi dəqiqləşdirdik.. Bu turnirdə istifadə olunacaq gənc futbolçularımıza görə sevinirəm. Vaxtilə özüm də bu yolu keçmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31