Güləşçilərimiz Avropa Millətlər Kubokunda yarışacaq
3 Noyabr 2015 11:56 İdmanNoyabrın 6-8-i tarixlərində Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa, Almaniya yığmaları iştirak edəcək. Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 25 güləşçi qoruyacaq.
İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Sərbəst güləş yığmamız Moskvada məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 9 güləşçinin adı daxil edilib. Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup görüşləri, 8-də isə final görüşləri keçiriləcək. Sərbəst güləşçilərimiz Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları ilə, yunan-Roma güləşçilərimiz isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq. Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçiriləcək.