Vəli Qasımov "Neftçi"də baş məşqçi olacağını istisna etmir

"Neftçi"nin idman direktoru Vəli Qasımovun apasport.az saytına müsahibəsi

- Komandanın son vaxtlar uğursuz çıxışının səbəbini nədə görürsüz?

- Gənclərin arasından ən yaxşılarını seçdik, onları gələcəkdə millidə görürük. Onlar əvvəl heyətdə az oynayıblar. Görünür, təcrübələri çatmır. Yoldaşlıq görüşləri, Avrokubok oyunlarında da gördük ki, potensialları var. Problem nəticədədi. 10 oyun keçirmişik. Çoxunu yaxşı oynamışıq. Bəzi epizodlarda hakim səhvləri olub. Samir Əliyev gənc məşqçidi, onun da xırda-xırda səhvləri olub. Amma biz ona dəstək oluruq. İnanırıq ki, gələcəkdə bu vəziyyət düzələcək. 10 oyunda qırmızı vərəqələrimiz olub. Bunun da üzərində işləyirik. Sözün düzü, hazırkı psixoloji vəziyyət yaxşı deyil. Oyuna çıxanda elə bilirlər ki, axırıncı matçdı. Bir insan ki, oyuna əsəbi çıxırsa, alınmır. "İnter"lə görüşdə də hiss edirdik ki, komandamız sona qədər qapısından qol buraxacaq, elə də oldu. Bu da təcrübəsizlikdən irəli gəlir. Oyun baxımından isə komanda pis təsir bağışlamır. Legionerləri gətirib, gənc yerli oyunçularımızı çıxarsaq, onda futbolumuzun axırı necə olacaq? Gənclərimizin səhvləri olsa da, getdikcə "artırırlar". İnanıram ki, onlar gələcəkdə Azərbaycanın ulduzları ola bilərlər.

- Baş məşqçi ilə bağlı səbir kasanız nə vaxt daşacaq? Axı azarkeşlər çox dözməyəcəklər...

- Komanda AZAL-la oyuna çox rahat çıxmışdı. İkinci hissədə isə yığışdılar, göstərdilər ki, futbol oynaya bilirlər. Uşaqların təcrübəsi çatmır. Oyunçularda keyfiyyət var, amma oyuna köklənmə həmişə eyni olmur. Samir Əliyevlə də tez-tez danışırıq. Komandada təcrübə çatmır, əsas da baş məşqçinin.

- "Neftçi"nin məşqçi kimi o qədər də təcrübəsi olmayan Samir Əliyevə tapşırılması nə qədər doğrudu?

- Biz istəyirik ki, təcrübəsi artsın. Bu, Azərbaycan futbolunun xeyrinədi. Xarici məşqçi gətirmək asandı. Hamı bilir ki, əcnəbilər necə işləyir. Gələn kimi öz tələblərini yerinə yetirəcək, onda da azərbaycanlı futbolçular kənarda qalacaq.

- Axı heyətdə təcrübəlilər, əcnəbi futbolçular da var. Bu komandanı heç də digərlərindən zəif saymaq olmaz...

- Heyətə görə "Qarabağ" və "Qəbələ" bizdən üstündü. Deməzdim ki, o biri komandalardan zəifik. Əksinə, oyunçulara görə güclüyük. Uşaqlar "Qarabağ"la oyunda da öz səviyyələrini göstərə bilmişdilər.

- Yeni legionerlər özlərini doğrulda biləcəklərmi?

- Razıyam ki, bəzi futbolçular özlərini doğrulda bilmirlər. Aylton da hələ stabil oyun göstərmir. Məşqlərdə çox çalışırlar, amma oyun epizodlarında hirsli olurlar. Nəticə olmayanda futbolçuda əsəb yaranır.

- Belə çıxır ki, klubdakı transfer siyasəti, seçim düz aparılmayıb...

- Seçim düzgün aparılır. Sadəcə, qol vurmayanda komandada psixoloji problem yaranır. Gətirdiyimiz legionerlərin səviyyəsi əslində yüksəkdi. Büdcəmiz keçən ilə baxanda azalıb. İnşallah, bazamız da olacaq. İndi elə oyunçular seçmişik ki, maaşları o qədər də yüksək deyil.

- Bir məsəl var ki, ucuz ətin ucuz şorbası olar...

- Hər futbolçunun öz qiyməti var. Desəm ki, sabah Messini gətirək, amma heç kim bilmir ki, Messi gəlib Azərbaycan çempionatında ardıcıl 5 oyunu da yaxşı keçirəcək.

- "Neftçi" bu il avrokuboklardan kənarda qalsa, problem olmayacaq?

- Zəif nöqtələri görəndən sonra qışda oyunçu gətirəcəyik. Vəziyyətdən çıxmağa çalışacağıq. Müzakirə edib, hansı mövqelərə yeni futbolçu lazım olduğunu müəyyənləşdirəcəyik.

- "Neftçi"nin turnir cədvəlində "Kəpəz" və "Zirə"dən geri olması sizi narahat etmir?

- Təbii ki, narahat edir. Bu vəziyyətdən çıxmağa çalışacağıq. İlk növbədə psixoloji vəziyyət düzəlməlidi. Samir müəllim də, mən də, Əsgər Abdullayev də oturub komandanın hazırkı durumunu müzakirə edirik.

- Çox vaxt idman direktorları sonra baş məşqçi olur. Samir Əliyevi gec-tez siz əvəzləyə bilərsizmi?

- Futbolda belədi, hər şey ola bilər. Mən də, Əsgər müəllim də köməklik edirik. Fikrimiz odu ki, Samir müəllimə inanaq. Ümid edirik ki, nəticə gələcək.

- "Fluminense" ilə əməkdaşlığın bir xeyri oldumu?

- Bizim ora getməyimiz, onların bura gəlməsi çox yaxşı oldu. Çox müzakirələr getdi. Böyük layihəmiz var, o da alınacaq. Amma indi onu açıqlamaq istəmirəm. Bizim futbolçular burdan ora, ordan da Avropaya gedə bilərlər. Bizim istəyimiz oyunçularımızın səviyyəsini qaldırmaqdı. Amma proyekt daha da böyükdü.

- Braziliya ilə yanaşı, Paraqvayda da olmuşduz. Elə bir futbolçular varmı ki, həmin vaxt "qaralamışdız", yanvarda gətirilə bilər?

- "Qaraladığımız" oyunçular var. Amma sayları çox deyil. Vaxtı gələndə müzakirə edib, qərar verəcəyik.

- Qış toplanışını harada keçirəcəyinizi müəyyənləşdirmisizmi?

- Toplanış yüz faiz Bakıda olmayacaq. Komandada cavan futbolçularımız var. İstəyirik ki, onlar yoxlama oyunlarında güclü rəqiblərlə qarşılaşsınlar. Bir neçə plan hazırlamışam, amma onu indi açıqlaya bilmərəm. Harda hazırlıq keçəcəyimizi hələ dəqiqləşdirməmişik.


- Neçə mövsüm idi "İnter" və "Simurq" arasında qardaş münasibətinin olduğu deyilirdi. İndi isə bu cür söz-söhbətlər "Neftçi" və "Sumqayıt" komandaları arasında hallanır...

- Elə şey yoxdu. Düzdü, mən də jurnalistlərdən bunu eşitmişəm, amma real deyil. "Sumqayıt"ın baş məşqçisi də təzə gəlib. Samir Abasovu hamınız tanıyırsız, işinə istəklə başlayıb, o heç kimə xal verməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31