"Klub rəhbərliyi maaşı kimə verib bilmirik"

Bakı "İnter"inin futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib.

Qol.Az-ın məlumatına görə, komandasının bərabərlik qolunun müəllifi olan yarımmüdafiəçi  bir sıra sualları cavablandırıb

- Çətin oyun olacağını gözləyirdik."Neftçi" bir ardıcıl neçə oyun xal itirib. Çətinliklə üzləşəcəyimizi dərk edirdik. Rəqibin oyununa baxmışdıq, analiz etmişdik. Fikrimcə, heç-heçə ədalətli nəticə oldu. "Neftçi"yə  uğurlar arzu edirəm. Birinci hissə rəqib yaxşı oyun göstərdi. İkinci hissə oyunu biz öz üzərimizə götürdük və istədiyimiz nəticəni əldə etdik. Əlbəttə, yüz faizlik nəticə olmasa belə, məğlubiyyətdən qurtulduq.

- Belə bir çətin oyunda ikinci hissədə meydana daxil olmağına səbəb nə idi?

- Mən iki həftə Gürcüstanda müalicə aldım. Bu səbəbdən baş məşqçinin seçimi ilə razılaşmaq lazımdır.  Dünən əvəzedici heyətdə bir hissə oyunda oldum. Bu gün də ikinci hissədə meydana daxil oldum. Belə olacağı əvvəlcədən məlum idi. İnanıram ki, baş məşqçi mənə yenə əsas heyətdə şans verəcək.

- İkinci hissədə meydana daxil oldun və komandanın yeganə qolunu vurdun...

- Deyiləcək söz o qədərdə çox deyil. Sadəcə, sevinirəm. Komandanı məğlubiyyətdən xilas etmişəm. Amma bu xalı bütün komandamızın qazanıb. Mən deyə bilmərəm ki, hər kəsdən güclü futbolçuyam. Mənə ötürmə gəlməsəydi, qolu vura bilməyəcəkdim. Vurduğum qolu da ailəmə həsr edirəm.

- "İnter" son 20 dəqiqədə daha çox fəal oldu və qol vurdu.

- Bu, məşqçinin verdiyi bir taktikadır. Son 20 dəqiqədə meydanda bütün gücümüzü ortaya qoyduq.

- Klubdakı maliyyə vəziyyəti necədir ?

- Axırıncı dəfə xaricə səfər etdiyim yadımdadır, amma maaş aldığım yadımda deyil(gülür). Çox qəliz məsələdir.

- Ancaq klub prezidenti Georgi Nikolov mətbuata açıqlamasında maaşların verildiyini deyib.

- Rəhbərlik maaşı kimə verib bilmirik. Maaş kartı hal-hazırda üstümdədir. Maraqlıdırsa, bir yerdə gedib yoxlaya bilərik. Əgər maaş köşübsə, sizə qonaqlıq verə bilərəm. Bunlar sadəcə, şayiələrdir. Bu gün "İnter" yeganə kulubdur ki, pulsuz futbol oynayır. Biz futbolu ilk öncə özümüz üçün və Azərbaycan xalqı üçün oynayırıq. Əgər "İnter" olmasa, bu çempionatın heç bir mənası olmaz. Bu gün biz "Qarabağ"a və digər klublara ciddi rəqibik. Amma əfsuslar olsun ki, bu gün "İnter" pulsuz futbol oynayır. Bu çətinlikdən çıxmağa çalışırıq, ancaq müraciət edə biləcəyimiz heç kim yoxdur.

- Maliyyə probleminin nə vaxt düzələcəyin gözləyirsiniz ? 

- Ümumiyyətlə, bir nəfər yoxdur ki, bu haqda bizə məlumat versin. Bu klubun rəhbəri yoxdur ki, gəlsin ortaya çıxsın və nə vaxt maaşların veriləcəyin söyləsin. Biz işimizi tam dəqiq bilmirik. Əgər bu klubda pul yoxdursa, başqa bir klubda keçək. Hər bir futbolçunun ailəsi var. Biz ailəmizi saxlamalıyıq. Mən düşünürəm ki, bu gün Azərbaycan futbolunda imkanlı ailədən çıxan futbolçu yoxdur. Bütün ailə və qohumlarına futbolçular köməklik edir. Çox acınacaqlı durumdur.

- Nə vaxta qədər səbr etmək niyyətindəsən ?

- Hazırda başqa əlacımız yoxdur. Biz bu formaya layiq olmaq üçün çıxıb futbolumzu oynamalıyıq, əlimizdən gələni etməliyik. Real təklif olarsa, klubumu bu gün dəyişərəm. Klub rəhbərliyi də bunu başa düşür.Baş məşqçimiz də bilir ki, bu gün hansı futbolçuya real təklif olsa, komandanı tərk edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31