"Kəpəz" "Xəzər Lənkəran" qarşıdurması

Oyunlardan biri Bakıda, digəri isə Gəncədə keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində daha 2 qarşılaşma baş tutacaq.

ANS PRESS-in məlumatına görə, oyunlardan biri Bakıda, digəri isə Gəncədə keçiriləcək.

"İnter" doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edəcəksə, "Kəpəz" də uzun fasilədən sonra "Xəzər Lənkəran"la münasibətlərə aydınlıq gətirəcək. Paytaxt derbisində favoritin "bankirlər"in olduğu heç kimdə şübhə doğurmur. Sadəcə, 5-ci dəfə "Rəvan"a qayıdan Bəhmən Həsənovun baş məşqçi kimi hansı möcüzəyə imza atacağı maraqla gözlənilir.

"Xəzər Lənkəran" klubu

Gəncədəki oyunun daha gərgin keçəcəyini bəribaşdan söyləmək olar. Heç də yaxşı dönəmini yaşamayan cənubluların gəncəli azarkeşlər qarşısında işinin asan olmayacağı dəqiqdi. "Kəpəz" evdə qalib gəlməyə, gənclərdən ibarət "ağ-yaşıllılar" isə səfərdən xalla qayıtmağa çalışacaq. Xatırladaq ki, sonuncu dəfə "Kəpəz"in rəqibi üzərində qələbəsi 2010-cu ilə təsadüf edir. Gəncədə baş tutan qarşılaşmadan sonra 7 oyundu ki, "sarı-göylər" rəqibinə məğlub olur.

Topaz Premyer Liqası
9-cu tur
24 oktyabr (şənbə)

15:00. "Kəpəz" - "Xəzər Lənkəran"
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev.
Gəncə şəhər stadionu.

17:00. "İnter" - "Rəvan"
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov.
Bakı. "İnter Arena".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31