Kərimovu meydandan qovan hakim Bakıya gəlir
Xorvat referi Zaur Tağızadəni sarı vərəqə ilə cəzalandırıb.
20 Oktyabr 2015 07:33 İdmanAvropa Liqasının "Qəbələ" - "Borussiya" (Dortmund) oyununa təyinatlar açıqlanıb.
ANS PRESS-in məlumatına görə, UEFA qarşılaşmanı хorvat hakimlərə tapşırıb.
Görüşü İvan Bebek idarə edəcək. Ona Tomislav Petroviç və Miro Qrgiç yardımçı olacaq. Mario Straxonya və Qoran Qabrilo oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb. 4-cü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək. Oyunun hakim-inspektoru Nikolay Levnikov (Rusiya), UEFA nümayəndəsi Filipp Prudon (Fransa) olacaq.
İvan Bebek Azərbaycana yaхşı tanışdı. O, "AVRO-2008"in seçmə mərhələsinin Azərbaycan - Portuqaliya oyununu idarə edib. 2007-ci ilin 13 oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Portuqaliya 2:0 hesablı qələbə qazanıb. Xorvat referi bu oyunda millimizdən Aslan Kərimovu Kriştiano Ronaldoya dirsək zərbəsi vurduğuna görə meydandan qovub, Saşa Yunisoğluya sarı vərəqə göstərib. Bu matçda Bebekin köməkçilərindən biri Tomislav Petroviç olub.Bebek 2005/06 mövsümündə Çempionlar Liqasının "Neftçi" - "Hafnarfyordur" (İslandiya) oyununu da idarə edib. 2005-ci ilin 12 iyulunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda "ağ-qaralar" 2:0 hesablı qələbə qazanıb. Xorvat referi bu matçda Zaur Tağızadəni sarı vərəqə ilə cəzalandırıb.
"Qəbələ" - "Borussiya" matçı oktyabrın 22-də "Bakcell Arena"da keçiriləcək və saat 20.00-da başlayacaq.