Güləşçilərimiz "Qızıl Qran Pri" turnirinə hazırlaşır
19 Oktyabr 2015 18:01 İdmanGüləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. AGF-dən "OLAYLAR"-a bildirilib ki, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov ilin sonu və qarşıdakı il üçün əsas hədəfin Olimpiya Oyunlarına hazırlıq və dördilliyin zirvə yarışında uğurlu çıxış olduğunu bildirib: "Azərbaycan güləşçiləri onlara göstərilən etimadın məsuliyyətini dərk edirlər. Hətta istirahət vaxtı da müəyyən proqramlar üzrə məşqlərini davam etdiriblər. Buna görə də hazırda yaxşı formadadılar. Qarşıda duran əsas tapşırığımız Rio Olimpiadasına maksimum lisenziya qazanmaq və Braziliyada uğurla çıxış etməkdir. Elə indidən məşqlərimizi elə qururuq ki, Olimpiya Oyunlarına qədər hamı optimal formada olsun". Qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterev də məşqlərin yüksək səviyyədə keçdiyini və qarşıdakı yarışlarda gənc qızlara şans verəcəklərini bildirib. Məlumat üçün bildirək ki, hər üç komandanın üzvləri noyabrın 6-8-də Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda, noyabrın 27-29-da isə, Bakıda baş tutacaq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qüvvələrini sınayacaq.