AGF baş katibi: “Məşqçilər kütləviliyin artırılmasına daha çox diqqət ayırmalıdır”

Azərbaycan Güləş Federasiyasında qurumun nümayəndəliklərinin kuratorları və məşqçiləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  AGF-nin baş katibi Əjdər Cəfərovun iştirak etdiyi görüşdə əvvəlcə kuratorların və məşqçilərin hesabatı dinlənilib. Hesabatlar dinlənildikdən sonra çıxış edən AGF baş katibi ümumilikdə bölgələrdə görülən işləri qənaətbəxş hesab edib, ancaq görüləcək işlərin də çox olduğunu bildirib. AGF prezidenti cənab Fazil Məmmədovun "Regionlarda güləşin inkişafı" barədə əmrini görüş iştirakçılarına xatırladan baş katib Əjdər Cəfərov Federasiya rəhbərliyinin bölgələrdə perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına xüsusi diqqət ayırdığını qeyd edib.  Baş katib deyib ki, məşqçi-müəllimlər kütləviliyin artırılmasına daha çox diqqət ayırmalı, təbliğat işini artırmalı və daha çox perspektivli gəncin güləşə cəlb olunmasına çalışılmalıdır. Görüşün sonunda AGF nümayəndəliklərinin məşqçi və kuratorlarının gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31