"Azərbaycana məğlub olsaydıq, nələr olacaqdı, bilmirəm"

"Bu uğuru qazanmaq çətin oldu. Azərbaycana məğlub olsaydıq, nələr olacaqdı, buna cavab verməkdə çətinlik çəkirəm". Goal.az-ın məlumatına görə Bolqarıstan yığmasının kapitanı İvelin Popov deyib.

Qarşılaşmadan sonra yerli mətbuata danışan hücumçu vacib qələbə qazandıqlarını söyləyib: "Bundan öncəki son üç matçda da məğlub olmuşduq. Komandada psixoloji gərginlik var idi. Şadam ki, belə vəziyyətdə qələbə qazana bildik. Bu, özünəinamı geri qaytarmağımıza kömək etdi. Amma beş ev oyununun sadəcə birində qələbə qazanmaq çox zəif göstəricidir".

Vasil Levski stadionundakı görüşün boş tribunalar önündə keçirilməsi Bolqarıstan yığmasının tarixində antirekord idi. Popov millinin qarşılaşmalarının başqa şəhərlərdə keçirilməsini təklif edib: "Bu gün dəstək hiss etmirik. Futbol federasiyasından bir neçə insanla görüşdüm. Onların da münasibəti başqadır. Gələcəyə nikbin baxmaq lazımdır. Sizin dəstəyinizə də ehtiyacımız var. Yığma komandamız Sofiya şəhərindən ibarət deyil. Əminəm ki, görüş Stara Zaqora və ya Loveçdə keçirilsəydi, tribunalar dolardı. Məncə, bolqar azarkeşlər yığma komandanı sevirlər. İnanıram ki, yenidən bizə güvənəcək və oyunlarımıza gələcəklər. O ki qaldı baş məşqçi dəyişikliyinə, bunun çıxış yolu olduğuna inanmıram".

Bolqarıstan yığması H qrupunu 11 xalla 4-cü pillədə tamamlayıb. Azərbaycan millisi isə 6 xalla  seçmə mərhələni 5-cı sırada başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31