Messi "yüzlər klubu"nda
14 Sentyabr 2015 19:55 İdmanÇempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Roma" ilə keçiriləcək oyun "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olacaq. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, argentinalı futbolçu qitənin ən mötəbər turnirində yubiley matçına çıxacaq. Romada baş tutacaq görüş Messinin Çempionlar Liqasında keçirəcəyi 100-cü oyun kimi tarixə düşəcək. Çempionlar Liqasında 11-ci mövsümünü keçirəcək Messi "Roma" ilə görüşdə oynayacağı təqdirdə turnirdə 100-cü matçına çıxan 26-cı futbolçu olacaq.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Roma" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Xatırladaq ki, Messi "Real"ın hücumçusu Kriştiano Ronaldo ilə birgə Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu siyahısına başçılıq edir. Hər iki futbolçunun aktivində 77 qol var.