AFFA rəsmisi 3 milyon avroluq mükafatdan danışdı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Xorvatiya millisini qəbul edəcək Azərbaycan yığması ilə bağlı maraqlı məlumat yayılıb. Apasport.az-ın Xorvatiya mətbuatına istinadən məlumatına görə, AFFA futbolçularımıza mükafat vəd edib. Xəbərdə qeyd edilib ki, yığmamız Xorvatiya üzərində qələbə qazanarsa, rekord məbləğdə, düz 3 milyon avro mükafat əldə edəcək. Bu pulun futbolçu və məşqçi heyəti, həmçinin yığmanın digər işçiləri arasında bölüşdürüləcəyi yazılıb. Məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. O, mükafatın nəzərdə tutulduğunu bildirsə də, məbləği təkzib edib: "Bəli, qalibiyyətə görə mükafat nəzərdə tutulub. Lakin 3 milyon avro şişirdilmiş rəqəmdi".
Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sabah "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31