Dünya çempionatında tarixi nailiyyət

İtaliyanın Milan şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kayak və kanoe üzrə dünya çempionatı keçirilib. Azərbaycan millisi nüfuzlu yarışı 3 olimpiya lisenziyası ilə başa vurub. Sonuncu lisenziyaya da kayakçı İnna Osipenko-Rodomska sahib çıxıb. O, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurub. Finişə 41,548 saniyəyə çatan 33 yaşlı idmançı yeni zelandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb. Daha öncə Osipenko Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 5-ci yerin sahibi kimi olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. İndiyədək digər növlər üzrə dünya çempionatlarında birdən-birə 2 olimpiya lisenziyası qazanan olmayıb. Üstəlik, ölkəmiz kayak növündə ilk dəfə olimpiadada təmsil olunacaq. Digər tərəfdən, Valentin Demyanenko ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ əldə edib. 32 yaşlı idmançı dünya çempionatında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə 6-cı yerin sahibi kimi buna nail olub. Beləliklə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan millisi kayak və kanoe yarışlarında ilk dəfə ən azı 3 medal uğrunda mübarizə aparacaqlar. Amma lisenziyaların sayı daha da arta bilər. Dünya çempionatında lisenziyasız qalan təmsilçilərimiz bunun üçün gələn ilin mayında təşkil olunacaq Avropa təsnifat reqatasında ilk 2 yerdən birini tutmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31