XXXI Yay Olimpiya Oyunları Azərbaycanın adını zirvələrə yüksəldəcək
13 Avqust 2015 18:02 İdmanAzərbaycan idman sahəsində uğurlarını ildən ilə artırır. "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev səsləndirib. Bildirib ki, Azərbaycan artıq dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi bu faktı bir daha təsdiqləyir: "Azərbaycan idmançıları da beynəlxalq yarışlarda uğurlarını artırmaqdadır. Bu proses yüksələn xətlə gedir. Gələn il Braziliyada XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Bu Olimpiya Oyunlarına hazırlıqla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb. İnanırıq ki, idmançılarımız bu yarışda da Azərbaycanın adını zirvələrə qaldıracaqlar. Hesab edirəm ki, idmançılarımız bu mötəbər idman yarışında da dövlətimizin etimadını doğruldacaqlar".