Qəbələdə kişilər arasında pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma üzrə yarışın qalibi məlum olub
10 Avqust 2015 16:42 İdmanQəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 10-da kişilər arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi başa çatıb. Yarışda Cao Yifei (Çin) 207 xalla birinci, Kim Sang Do (Koreya) 206 xalla ikinci, Qorsa Petar (Xorvatiya) isə 186 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr, kişilər arasında isə tapançadan 50 metr məsafəyə atəş açma yarışları keçirilir. Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edir. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.