Güləşçilərin Avropa çempionatı başa çatdı

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla tamamlayıb. 46 kq çəkidə mübarizə aparan Zaur Nuriyev əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib. Yarımfinalda Türkiyə güləşçisinə uduzan Zaur bürünc medal uğrunda görüşə çıxıb. Latviya idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalına yiyələnib. 100 kq çəki dərəcəsində yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi ilə gərgin keçən görüşü üstün tamamlayıb və Avropa çempionatının qızıl medalını qazanıb. Yunan-Roma güləşi yarışlarının ilk günündə də Ülvi Qənizadə (69 kq) bürünc medal qazanmışdı. Ümumilikdə 1 qızıl və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31