FHN-in İdman-sağlamlıq klubu nazirliyin qurumları arasında atıcılıq üzrə çempionat keçirilib
23 İyul 2015 19:10 İdmanBu gün Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə növbəti çempionat keçirilib. FHN-in Akademiyasında baş tutan yarışa hər birində iki iştirakçı olan 21 komanda qatılmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 3 sınaq və 10 məqbul atışı olub. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yavuz Eminbəyli olub, atış xəttinə isə beynəlxalq dərəcəli hakim Yusif Abdullayev nəzarət edib. Komanda hesabında birinci yeri FHN-in Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yeri FHN-in Aparatı, üçüncü yeri isə FHN-in Akademiyası qazanmışdır. Şəxsi hesabda birinci yerə Vaqif Pişiyari (DSXX), ikinci yerə Elçin Əhmədov (FHN-in Aparatı), üçüncü yerə Adil Səfərov (DSXX) layiq görülmüşdür. Qaliblərə diplom, fəxri fərman, kubok və hədiyyələr təqdim olunmuşdur. Tədbirdə klubun rəisi Füzuli Musayev çıxış edərək atıcılıq üzrə çempionata hər il maraq yarandığını bildirdi: "Sevindirici haldır ki, bu yarışa bir qadın iştirakçı da qatıldı. Hər çempionatda mübarizə və həyacan artır. Sabah növbəti üzgüçülük çempionatımız baş tutacaq. Sentyabrda isə bizi böyük - Səmti müəyyən etmə üzrə çempionat gözləyir".