“Qəbələ” Gürcüstana getdi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək "Qəbələ" Gürcüstana yollanıb. İyulun 2-də Tiflisin "Dinamo" klubu ilə ilk matçına çıxacaq "qırmızı-qaralar" oyundan iki gün əvvəl qonşu ölkəyə gedib. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda səhər məşqindən sonra səfərə çıxıb. 2015-2016 mövsümünün hazırlıq məqsədilə iyunun 10-19-da Türkiyənin Ərzurum şəhərində, 20-30-da Qəbələdə toplanış keçən komandamız UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqini Tiflisdə keçirəcək. "Qəbələ" I təsnifat mərhələsində iştirak etmək üçün 27 futbolçunu sifariş vərəqinə daxil edib. Bu, komandamızın mövsümdə ilk rəsmi matçı olacaq. Avrokuboklarda ötən il debüt edən "Qəbələ" qitəmiqyaslı turnirdəki 2-ci cəhdində mərhələ adlamağa çalışacaq. Bunun üçün isə komandamız bir həftə sonra Qəbələdə baş tutacaq matç öncəsi səfərdə sərfəli nəticə qazanmalıdır. Tiflisdəki matç əfsanəvi Boris Payçadzenin adını daşıyan "Dinamo Arena"da baş tutacaq. Görüşü israilli hakimlər idarə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31