Bağlanışda kamança dünyaya mesaj idi

Elnur Mİkayılov: "Biz kamançanın da milli alətəmiz olduğunu göstərdik”

"Bakı 2015" Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri Azərbaycanın milli aləti olan kamançanın payına düşür. Aləti imkanlarını böyük stadiondan dünya ictimaiyyətinə eşitdirən Elnur Mikayılov əslində bunu mesaj xarakteri daşıdığını bildirib.

"Tarın Azərbaycanın milli aləti olduğu YUNESKO-da təsdiqini tapdı. Kamança da bizim milli alətəmizdir. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKO-ya təqdim etmək üçün sənədlər hazırlanır.

Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım və təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterin göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətəmiz olduğunu göstərdik".

Elnur Mikayılov belə bir missiyanın ona həvalə olunduğu üçün fəxr hissi keçirdiyini diqqətə çatdırdı.

Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi Bağlanış mərasimi müxtəlif yönləri ilə kreativ, ruhlandırıcı və yaddaqalan oldu.

Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu.

Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi oldular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31