Cüdoçularımız yarışların ikinci gününə qələbə ilə başladı
26 İyun 2015 13:02 İdmanBakı-2015 birinci Avropa Oyunları çərçivəsində cüdo yarışları davam edir. Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarında bu gün 8 idmançımız medallar uğrunda mübarizə aparacaq. Onlardan 3-ü ölkəmizi gözdən əlillərin cüdo yarışlarında təmsil edəcək.
Trend xəbər verir ki, Avropa Oyunlarının cüdo yarışlarının ikinci günü Azərbaycan təmsilçilərindən ilk olaraq tatami üzərinə 63 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Xanım Hüseynova çıxıb. Onun seçmə mərhələsindəki rəqibi Makedoniya idmançısı Katerina Nikoloska olub.
Görüşə Makedoniya təmsilçisi daha fəal başlayıb və bir yuko xalı ilə önə keçib. Sona doğru X.Hüseynova bunun əvəzini çıxıb. Amma son saniyələrdə cüdoçumuz daha bir yuko xalı ilə qiymətləndirilən fənd tətbiq edib. Nəticədə Xanım qalib gələrək 1/8 final mərhələsinə vəsiqə əldə edib.
Növbəti mərhələdə cüdoçumuzun rəqibi Fransa idmançısı Klaris Aqbeqneno olacaq.
X X X
Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanı 63 kq-dək çəki dərəcəsində təmsil edən daha bir cüdoçumuz Nuriyyə Axundova seçmə mərhələdə Polşa idmançısı Aqata Ozdoba ilə qarşılaşıb. Cəmi bir neçə saniyə davam edən görüşdə təmsilçimizə ağrıdıcı fənd tətbiq edən Polşa cüdoçusu qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Eyni aqibəti Azərbaycanın medal ümidlərindən hesab edilən kişi cüdoçumuz, 73 kq çəki dərəcəsindəki təmsilçimiz Rüstəm Orucov da yaşayıb. Çex idmançı Yezek Yaromir ilə görüşdə rəqibinin ağrıdıcı fəndinə düşən Rüstəm məğlub olub və mübarizəni erkən dayandırıb.