“Qarabağ”ın rəqibini tanıyaq

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə qoşulacaq təmsilçimiz "Qarabağ" həmin mərhələdə Monteneqronun "Rudar" komandası ilə üz-üzə gələcək. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Rudar" Monteneqronun Plevlya şəhərini təmsil edir. Hal-hazırda Monteneqronun yüksək liqasında (Birinci Liqa) çıxış edən klub 2014/2015 mövsümünün çempion adını qazanmaqla, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etmək hüququ qazanıb. "Rudar" Darko və Duşko Sariç qardaşları tərəfindən idarə olunur. Klub 1920-ci ildə "FK Brejnik" adı ilə təsis olunub. Klub üç dəfə adını dəyişib və 1955-ci ildən indiki adı ilə çıxış edir. "Rudar" - Azərbaycan dilinə "Mədənçi" kimi tərcümə olunur. "Rudar"ev oyunlarını "Gradski" stadionunda keçirir. Stadion 10.000 tamaşaçı tutumuna malikdir. "Rudar" Monteneqronun müstəqillik dövründən bu yana ikiqat ölkə çempionu olub və üç dəfə ölkə kubokuna sahib çıxıb. Heyətdə əsasən yerli futbolçular çıxış edir. Maraqlı məqam ondan ibarətdi ki, 5 legionerdən üçü Yaponiyadan, ikisi Serbiyadandır. "FK Rudar" 4 dəfə UEFA Kubokunda (UEFA Avropa Liqası) və bir dəfə UEFA Çempionlar Liqasında Monteneqronu təmsil edib. Bir dəfə Çempionlar Liqasının birinci mərhələsində (2010/2011) San Marinonun "Tre Fiori" komandasını hər iki oyunda (4-1; 3-0) məğlub edib və bir dəfə də Avropa Liqasında Ermənistanın "Mika" komandasını (1-0; 1-1) məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31