Güləşçilərimizin Türkiyə uğuru

Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, çempionatın ilk günündə sərbəst güləş üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.  60 kq-da mübarizə aparan Vurğun Əliyev ilk görüşündə Polşa təmsilçisindən üstün olsa da, Rusiyalı rəqiinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib və Vurğun Makedoniya idmançısına qalib gəlməklə bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Belarus idmançısı üzərində tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb.  74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ardıcıl olaraq Moldova və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiyalı rəqibinə məğlub olan Murad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ermənistan idmançısını üstələyən Murad Süleymanov Avropa çempionatının bürünc medalına sahib olub. 96 kq-da təmsilçimiz Turxan Qurbanov Polşa və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırmaqla çempionata uğurlu başlayıb. Ancaq yarımfinalda Rusiya idmançısı güləşçimizdən üstün olub. Bürünc medal uğrunda gərgin keçən görüşdə Finlandiyalı rəqibinə də uduzan Turxan çempionatı beşinci sırada tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31