Qadın samboçumuz Avropa Oyunlarının gümüş medalını qazandı

Qadın samboçumuz Avropa Oyunlarının gümüş medalını qazanıb. Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında qadın samboçularımızdan 52 kq-dək çəki dərəcəsində çıxış edən Nəzakət Xəlilova qızıl medal uğrunda final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada samboçumuz Rusiya təmsilçisinə ciddi müqavimət göstərsə də, A.Xaritonova daha güclü olduğunu sübut edib və vaxtından əvvəl tam üstünlüklə qalib gəlib. N.Xəlilova isə Avropa Oyunlarının gümüş medalını qazanıb.

Qeyd edək ki, bu gün Avropa Oyunlarında sambo yarışlarında 8 idmançımız medal uğrunda mübarizə aparıb. Onlardan İslam Qasımov (-57 kq), Amil Qasımov (-74 kq), Vasif Səfərbəyov (+100 kq) finala vəsiqə əldə ediblər. Kənan Qasımov (-90 kq), Şahanə Hüseynova (-60 kq) və Nərminə Əizadə (-68 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar. Yarışda 64 kq-dək çəkidə çıxış edən Fəridə Qurbanova isə elə ilk görüşündəcə məğlub olub. Daha sonra onun rəqibi finala adlaya bilmədiyindən təmsilçimiz bürünc medal uğrunda mübarizədən də kənarda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31