Qazandığım qələbəni dövlətimə həsr edirəm
18 İyun 2015 12:53 İdmanQazandığım bu qələbəni ilk növbədə dövlətimə həsr edirəm. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, bu fikirləri Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində qızıl medal qazanan Azəbaycan güləşçisi Toğrul Əsgərov səsləndirib. Olimpiya çempionumuz qeyd edib ki, onun üçün London Olimpiadasından sonra Avropa Oyunlarına qədər ötən dövr çətin keçib: "Həqiqətən də mənim üçün çox çətin oldu. Avropa və dünya çempionatı 2 ildən artıqdır ki, mənim üçün uğursuz olub. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, birinci Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, bunu əldə etdim". Toğrul Əsgərovun sözlərinə görə, o, rəqiblərini demək olar ki, hamısını tanıyıb: "Əsas odur ki, kim güclü idisə, o da qalib oldu. Lakin finalda görüşdüyüm italiyalı rəqibi ilə ilk dəfə idi ki, görüşürdüm". Avropa Oyunlarının qızıl medalçısı növbəri Olimpiya oyunları və dünya çempionatında da qalib gəlməyə qadir olduğunu deyib: "Buna qadirəm, potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim hələ yolum uzundur. İki il ardıcıl uğursuzluq oldu. Dizimdən əməliyyat oldum, 1 il döşəkdən kənar qaldım. Bir ildə özümü yenidən yığmaq çətin oldu. İndi hər şey yaxşıdır".