Azərbaycanın kişi sərbəst güləşçiləri qızıla doğru
17 İyun 2015 12:13 İdmanBu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları başlayır. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda xalça üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq. Trend xəbər verir ki, sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.
57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (Fransa)
65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov
74 kq
1/8 final - Mihaly Nagy (Macarıstan) - Cəbrayıl Həsənov
97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov
XXX
Toğrul Əsgərov 1/8 finala vəsiqə qazanıb
Təmsilçilərimizdən xalça üzərinə ilk olaraq 1/8 final mərhələsində 65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov çıxıb. O, Rusiya güləşçisi İlyas Bekbulatovla qarşılaşıb.
Gərgin mübarizəşəraitində keçən görüşdə Olimpiya çempionumuz rəqibinə 8:7 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb. Onun 1/8 finaldakı rəqibi Moldova təmsilçisi Mihail Savadır.
XXX
Xetaq Qazyumov növbəti mərhələdə
Azərbaycan 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov 1/16 finalda Polşa idmançısı Radoslav Baranla üz-üzə gəlib.
Olimpiya oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumov rəqibinə heç bir şans verməyib və vaxtından əvvəl 10:0 hesabı ilə tam qalib gələrək 1/8 finala vəsiqə əldə edib.
Növbəti mərhələdə onun rəqibi Moldova güləşçisi Nikolai Çeban olacaq.
XXX
Yaşar Əliyev 1/4 finalda
Ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/8 finalda Fransa idmançısı Zoheir El Ourraqe ilə qarşılaşıb. 2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Yaşar Əliyev rəqibindən daha üstün güləş nümayiş etdirərək 9:4 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb.
Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub. Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.