Bakı 2015-ə möhtəşəm açılış mərasimi ilə start verildi VIDEO
13 İyun 2015 13:07 İdmanGözlənilən an gəlib çatdı və Olimpiya Stadionunda ilk Avropa Oyunlarının Açılış Mərasimi keçirildi
Açılış mərasimi Azərbaycanın tükənməz mədəni zənginliyini və qüdrətini təcəssüm etdirən qeyri-adi, ruhlandırıcı və yaddaqalan bir tədbir oldu.
Mərasimdə onlarla ölkədən yüksək səviyyəli dövlət rəsmiləri iştirak etdilər. Günlər əvvəl biletlərin satılıb qurtardığı bu möhtəşəm tədbirdə 68 min tamaşaçı stadionu tamamilə doldurmuşdu.
Mərasim başladı və idmançılar bir-birinin ardınca ölkələrinin bayraqları ilə yerlərini aldılar. Daha sonra dünyaca məşhur müğənni Lady Gaga piano arxasına əyləşərək "Imagine" (Xəyal et) mahnısını ifa etdi və sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası ilə dinləyiciləri dünyanı sülh içərisində sərhədsiz təsəvvür etməyə səslədi.
Azərbaycanın birinci xanımı, Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə açılış nitqi söyləyərək qonaqları salamladı və qeyd etdi ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının Bakıda keçirilməsini belə qiymətləndirdi:
Bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır!
-Mehriban Əliyeva
Sonra Avropa Olimpiya Komitələrinin (AOK) sədri Patrik Hikki çıxış etdi və birinci Avropa Oyunlarının təşkilatçılarına öz təşəkkürünü bildirdi. Patrik Hikki qeyd etdi ki, Bakı 2015-lə birlikdə qitə oyunlarına yeni bir halqa əlavə olunur:
Bu axşam, biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqasını əlavə edirik. Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq.
-Patrik Hikki
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılışını elan etdi.
Açılış mərasiminin təşkili
Açılış mərasimi Dimitris Papaioannounun rəhbərliyində dünyanın aparıcı bədii, istehsal və texniki komandaları tərəfindən hazırlanıb ərsəyə gətirilib.
Açılış mərasimində məqsəd Azərbaycan elementlərindən istifadə etməklə ümumi insan hekayəsini müasir, ixtiraçı və oynaq bir tərzdə, lakin milli mədəniyyətin hədsiz zənginliyinə və dərinliyinə ehtiramla canlandırmaqdır.
Mərasimdə istifadə olunan musiqinin böyük hissəsi Azərbaycan bəstəkarlarının əsərləri və ya yerli klassik, xalq mahnıları üstündə qurulub. 20-ci əsrin üç görkəmli Azərbaycan bəstəkarının əsərləri proqramda xüsusi yer aldı: Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov. Bu mənada, hazırda stadionda əsərləri ilə çıxış etmiş iki əfsanəvi sənətkarın - muğam ifaçısı Alim Qasımovun və ritm ustası Natiq Şirinovun adlarını qeyd etmək zəruridir.
Səhnənin quruluşu və mərasim iştirakçıları
Mərasimdə ən çox təkrarlanan forma dairədir. Səhnənin quruluşu, günəş və ay dairə formasındadır. Dairənin başlanğıcı və sonu yoxdur. Sadə və gözəldir, fəsillərin, həyatın dövriliyini yada salır, birlik və əbədiyyəti ifadə edir.
Bakı Olimpiya Stadionu bu miqyasda quraşdırılmış ən mürəkkəb səhnə tərtibatlarından birinə malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. Bu sehrbaz qutusu təbiətin dörd ünsürü - su, od, torpaq və yel obrazlarından istifadə etməklə qarşımızda heyrətamiz bir mənzərə yaradırdı. Bu qutunun mexanizmləri uzunluğu 6 kilometrdən çox olan çatlarda gizlədilmişdi.
Onun quraşdırılması üç aya başa gəlib, lakin stadionu iyunun 21-22-də keçiriləcək atletika yarışlarına hazır etmək üçün bu mexanizmi üç gün ərzində sökmək mümkündür.
Əksər hissəsi Azərbaycandan olan 2 mindən çox könüllü bu mərasimdə müxtəlif səhnələrdə iştirak etdi. Onlarla yanaşı digər 17 ölkədən də nümayəndələr bu mərasimə qatıldılar. Həmin ifaçılar məşq zamanı 6 yüzdən çox tapşırıq yerinə yetiriblər. Mərasimin təşkilinə isə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər işçi cəlb olunub.
Tədbir Bakı 2015-in rəsmi veb-səhifəsində bütün səhnələrin videoları eksklüziv anlar da daxil olmaqla həmin mərasimin hər bir anı işıqlandırıldı. Açılış Mərasimi Baku2015.com saytından bütün dünyaya yayımlandı və veb-səhifədə, habelə bütün sosial media platformalarında Bakı vaxtı ilə günorta saat 12-dən başlayaraq həmin böyük günün canlı işıqlandırılması həyata keçirildi.