Azərbaycan tarix yazdı!

I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi

Nəhayət ki, gözlənilən gün gəlib çatdı. Azərbaycan ictimaiyyəti və bütün Avropanın, hətta dünyanın diqqət mərkəzində olan İlk Avropa Oyunlarının rəsmi açılış mərasimi Bakı Olimpiya Stadionunda reallaşdı. Birinci Avropa Oyunlarının açılış mərasimində çoxsaylı dövlət və hökumət başçıları-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Serbiya prezidenti Tomislav Nikoliç, Belarus prezidenti Aleksandr Lukaşenko, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç,  Bolqarıstanın baş naziri Boyko Borisov, Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammedov,  Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Tacikistan prezidenti İmoməli Rəhman, Monako Knyazlığının Şahzadəsi II Albert, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, İordaniya Krallığının Şahzadəsi Feysəl ibn Əl-Hüseyn, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud, Qırğızıstanın Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev, Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf, Monteneqronun Prezidenti Filip Vuyanoviç, San-Marino dövlətinin başçıları Andrea Belluzini və Roberto Venturuni, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, müxtəlif ölkələrin Olimpiya Komitələrinin rəhbərləri, eləcə də dünyanın tanınmış ulduzları, sənət adamlarının qatılması Avropanın Azərbaycana, eləcə də bu oyunlara ciddi yanaşdığının göstəricisi sayıla bilər.

12 hissədən ibarət  açılış mərasimi Alim Qasımovun bədahətən ifa etdiyi muğamla başlayıb. Sonra 50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra geriyə saymaqla Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyini təcəssüm etdirib. Səhnə 1000 nəfərə yaxın rəqqasənin Azərbaycanın dünyaca məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəklərilə örtülüb Şeypurun sədaları prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayıb. Azərbaycanın dövlət bayrağı qaldırılıb və himni səsləndirilib.
Daha sonra Avropa Oyunlarının aprelin 26-da Atəşgah məbədində alovlandırılan, həmin gündən 1000-dən çox məşəlçinin daşıdığı, təxminən 5500 km məsafə qət edən məşəl sonuncu məşəlçinin stadiona daxil olması ilə başa çatıb.
Açılış mərasimində miniatürlər bağı nümayiş olunub. Dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnunu əks etdirib. Həmçinin dahi şairin digər əsərlərindən ibarət kompozisiyalar göstərilib. Bundan sonra Avropa Oyunlarının rəmzi olan Nar ağacı stadiona gətirilib. Olimpiya oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstanın bayrağı ilk olaraq stadiona daxil olub. Sonra iştirakçı dövlətlərin idmançılarının keçidi baş tutub. Paradı ev sahibi Azərbaycan başa vurub. Hər bir iştirakçı ölkələriun idmançılarının keçidi zamanı həmin ölkələrin dövlət və hökumət başçıları tribunadan onlara dəstək olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da idmançılarımızı alqışla qarşılayıb. İdmançıların keçidindən sonra atəşfəşanlıq olub, dünya ulduzu Ledi Qaqa idmançıların şərəfinə mahnı ifa edib. Sonra Avropa Olimpiya Komitəsinin bayrağı stadiona gətirilib.
Mərasimdə çıxış edən Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Avropa Oyunlarına təşrif buyuran idmançılar və qonaqları salamlayıb: "Birinci Avropa Oyunlarının açılış münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, bu səhifəni Azərbaycan xalqı yazır. Qoy tanrı Azərbaycanı hər zaman qorusun". Mehriban Əliyeva deyib ki, Avropanın idman tarixində yeni tədbirə başlayır və Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir: "Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı. Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir. Mən Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə minnətdarlığımı bildirmək istəyirəm. Bu minnətdarlıq onun həm İlk Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsinə, həm də yadda qalacaq belə bir tədbirin təşkilinə verdiyi dəstək və göstərdiyi yardım ilə bağlıdır. Mən həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və olimpiya ailəsinin üzvlərini salamlamaq istəyirəm. Azərbaycanda olimpiya hərəkatına verdikləri davamlı dəstəyə görə onlara minətdaram". Azərbaycanın zəngin tarix, mədəniyyət və adət-ənənələrə malik bir ölkə olduğunu deyən Mehriban Əliyeva ölkəmizdə tolerantlığın, multikulturalizmin hökm sürdüyünü Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında da mühüm rol oynadığını söyləyib. 24 illik müstəqillik dövründə ölkəmizdə sürətli iqtisadi inkişafın baş verdiyini deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı belə idman tədbirlərini keçirmək imkanı yaradır: "Gələn illərdə Avropa oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da Azərbaycanın və Bakı-2015-in parlaq odunun atəşi orada olacaq".
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yarışların açıllışının Avropa Olimpiya Komitəsinin tarixində ən fərəhləndirici məqamın olduğunu deyib. Bakıda tarixi məqamın şahidi olduğunu deyən Patrik Hikki Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya yorulmaz fəaliyyətinə görə təşəkkür edib: "Bu yolda sizinlə addımlamaqdan şərəf duyuruq".
Sonra Azərbaycan prezidenti İlham Əliyev Birinci Avropa Oyunlarını rəsmən açıq elan edib. Dövlət başçısının Avropa Oyunlarını açıq elan etməsindən sonra Olimpiya məşəli stadiona gətirilib. Mərasim Alim Qasımov və Natiq ritm qrupunun ifası, eləcə də milli rəslərimizin nümayişi ilə yekunlaşıb.
Qeyd edək ki, Bakıda keçirilən bu yarışlar  bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olmipiya Komitəsi tərəfindən keçirilir. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı mübarizə aparır.
Yarışlarda 20 idman növü üzrə Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı mübarizə aparacaq. Bu idman növlərindən 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növünə aiddir. Ümumilikdə idman yarışları kamandan oxatma, atletika, badminton, 3x3 basketbol, çimərlik futbolu, çimərlik voleybolu, boks, avarçəkmə, BMX velosiped idmanı, şosse velosipedi idmanı, dağ velosipedi idmanı, suya tullanma, qılıncoynatma, akrobatika gimnastikası, aerobika gimnastikası, idman gimnastikası, bədii gimnastika, cüdo, karate,sambo, atıcılıq,sinxron üzgüçülük, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, triatlon, voleybol, su polosu və güləş idman növləri üzrə keçiriləcək.
Birinci Avropa Oyunlarının iştirakçı dövlətləri yarışlara kifayət qədər idmançı ilə qatılır. Yarışda ən böyük heyətlə Rusiya təmsil olunur. Avropa Oyunlarında Rusiyanı 359 idmançı təmsil edəcək. Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. İtalyanlar 291 idmançı ilə mübarizə aparacaqlar. Bundan başqa Almaniya 266, Fransa 251, Ukrayna 243, İspaniya 216, Polşa 212, Macarıstan 200, Türkiyə 191, Slovakiya 179, Böyük Britaniya 158, Belarus 150, Rumıniya 146, Avstriya 145, İsrail 141, Yunanıstan 138, Serbiya 133, Çexiya 130, İsveçrə 130, Bolqarıstan 127, Hollandiya 120, Belçika 117, Xorvatiya 109, Finlandiya 106, Gürcüstan 105, Portuqaliya 100, Moldova 86, Sloveniya 83, İsveç 76, Litva 71, Latviya 67, Danimarka 65, İrlandiya 63, Malta 61, Lüksenburq 61, Estoniya 59, Norveç 58, Bosniya və Hersoqovina 56, Monteneqro 55, Makedoniya 45, Andorra 31, Albaniya 28, Ermənistan 25, Kipr 23, San-Marino 20, İslandiya 19, Kosovo 18, Lixtenşteyn 10, Monako isə 6 idmançı ilə təmsil olunur. Azərbaycan isə Avropa Oyunlarında 291-i idmançı, 150-si isə yardımçı şəxs olmaqla ümumilikdə 441 nəfər heyətlə iştirak edir. Ümumilikdə yarışlarda idmançılar 253 medal uğrunda mübarizə aparacaq.
Beləliklə, Evrovision musiqi yarışmasından sonra yenidən bütün dünyanı heyrətləndirməyə nail olan Azərbaycan dövləti Avropanın idman tarixinə adını yazmaqla yanaşı, dünyanın diqqətini bir daha özünə yönəltmiş oldu. Qısa müddət ərzində yaradılan infrastruktur, tikilib istifadəyə verilən idman kompleksləri, arenalar və möhtəşəm şəkildə təşkil olunan açılış mərasimi bir daha onu sübuta yetirdi ki, Azərbaycan qarşısına qoyduğu istənilən məqsədə nail olmağa qadirdir.
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31