Bədii gimnastika üzrə birinci açıq kubok keçirilib

Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" idman olimpiya mərkəzinin təşkilatçılığı ilə bədii gimnastika üzrə birinci açıq kubok keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, yarışın açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov, respublikamızın 11 bədii gimnastika klubunun rəhbərləri, tanınmış idmançılar iştirak ediblər. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bədii Gimnastika Federasiyasının Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən həyata keçirilən idman siyasətinin uğurlu nəticələri, 1-ci Avropa Oyunlarının respublikamızda keçirilməsinin tarixi əhəmiyyəti barədə ətraflı danışmış və idmançılara uğurlar arzulayıb. "Sərhədçi" idman olimpiya mərkəzinin bədii gimnastlarının nümunəvi çıxışlarından sonra yarışlara start verilib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda qalib gəlmiş idmançılar mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31