Sərbəst güləşçilərimiz Dünya Kubokunu 3-cü yerdə başa vurdu
13 Aprel 2015 12:35 İdmanAmerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayıb. Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan yığmamız qrupu 2-ci sırada tamamlayıb. Beləliklə, komandamız digər qrupun ikincisi Rusiya yığması ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4-4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız Dünya Kubokunu 3-cü sırada tamamlayıb və bürünc medallara sahib olub.