Azarkeşi stadiona necə gətirməli?
3 Aprel 2015 16:09 İdmanAzərbaycan futbolunun başbilənləri bu idman növünü populyarlaşdırmaq üçün müxtəlif yollar arayır, tədbirlər görürlər. Xalq yazıçısı Çingiz Abdullayevin "Neftçi" futbol klubunun müşahidə Şurasına sədr seçilməsi, tanınmış aktyor-rejissor, "Parni iz Baku" KVN komandasının əfsanəvi üzvlərindən olmuş Bəhram Bağırzadənin quruma üzv gətirilməsi bu tədbirlərin tərkib hissəsidir. Klubun faktiki idarə olunması, seleksiya işləri ilə yenə də mütəxəssislər məşğul olacaq. Müşahidə Şurası daha çox tamaşaçıların stadiona cəlb olunmasına çalışacaq, piar işlərini görəcək. AFFA və "Neftçi" rəhbərliyi hesab edir ki, Azərbaycanda futbolun inkişafı, bu idman növünün populyarlaşması üçün azarkeş stadiona gəlməlidir.
Ancaq futbolun populyarlaşması üçün atılan addımları dəstəkləmək lazımdır. Bu günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov maraqlı təkliflə çıxış edib. Baş katib deyib ki, Premyer Liqanın oyunları istirahət günlərində keçirilməlidir. E. Məmmədovun fikrincə, belə olarsa, azarkeşlər stadionlara axışacaqlar. Fikir ümumilikdə doğrudur:azarkeşsiz futbol olmaz. Ancaq futbolun inkişafı, populyarlaşması təkcə azarkeşdən asılı deyil. Meydançada baxımlı futbol yoxdursa azarkeş gəlməyəcək. "Qarabağ", "İnter" və "Neftçi" futbol klublarının son illər Avroliqalardakı uğurları Azərbaycan azarkeşlərini stadionlara cəlb etdi. Deməli, baxımlı futbol oynamaqla azarkeşləri stadiona gətirmək, futbolu sevdirmək olar. AFFA prezidenti Rövnəq Abdullayevin klubların adını dəyişmək təklifi də ağlabatandır. O, təklif edib ki, Bakının "İnter" klubu "Keşlə", "Bakı" klubu isə "Xırdalan" adlansın. Xatırladaq ki, bölgələrin adını daşıyan klublarımız azarkeş sarıdan korluq çəkmir. "Xəzər-Lənkəran", "Qarabağ" (Ağdam) nümunəsi var. Birinci dəstədə "Şuşa Qarabağ", "Qaradağ Lökbatan" klubları oynayır. Onların da tamaşaçı sarıdan problemi yoxdur. Deməli, bu təşəbbüs dəstəklənməli və icra olunmalıdır. Sovet dövründə azarkeşləri stadiona gətirən metodlardan biri də lotoreya oyunlarının təşkili idi. Fikrimizcə, klıubların, istrsə də millinin oyunlarına uduşlu biletlərin satışı həyata keçirilməlidir.m "Neftçi" futbol klubunun təşəbbüsü-Müşahidə Şurasının yaradılması, quruma tanınmış ziyalıların cəlb olunması yayılmalı, başqa klublarda da tətbiq olunmalıdır. Tanınmış iş adamları, hətta sənətçilər də Müşahidə Şuralarına cəlb olunmalıdırlar. Onların Müşahidə Şuralarında fəalliyyəti həm də futbolda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Futbolun inkişafı üçün atılmalı əın vacib addımlardan biri şəffaflığın təmin olunması, sağlam rəqabət mühitinin qorunub saxlanması, hakim ədaləti və ən əsası uşaq futbolunun dirçəldilməsidir.
Ərhun Abbas