"Reynaldonun olmaması işimizi asanlaşdırmadı"
3 Aprel 2015 12:27 İdman"Meydanda bərabər oyun gedirdi. Matçın əvvəlində hər iki komanda ehtiyatlı oynayırdı. Həm "Qarabağ", həm də "İnter" rəqibinin səhv etməsini gözləyirdi ki, hesabı öz xeyrinə dəyişsin". Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Elvin Məmmədov Premyer Liqanın 27-ci turunda bərabərə qaldıqları "Qarabağ"la oyundan (0:0) sonra deyib. Təcrübəli futbolçu oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu bildirib: ""Qarabağ" çox yaxşı rəqibdir. Reynaldonun meydanda olmaması işimizi asanlaşdırmadı. Çünki "Qarabağ" təkcə Reynaldodan ibarət deyil. Bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Komandaların hər birinin yaxşı mübarizə aparmasının şahidi olduq". E.Məmmədov bu oyundan sonra "Qarabağ"ın çempionluq şansının artdığını vurğulayıb: "Bu heç-heçədən sonra "Qarabağ"ın çempionluq şansı daha da artıb. Onlarla aramızdakı 9 xallıq fərqi dəyişə bilmədik. Bundan sonra ikinci yer və kubok uğrunda mübarizə aparacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq".