Ukraynadakı Azərbaycan diasporu idman sarayı açıb

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) dəstəyi ilə Ukraynanın Lvov şəhərində yeni idman sarayı istifadəyə verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, konqresin Lvov vilayəti üzrə sədri Teymur Məmmədovun rəhbərliyi ilə keçirilən açılış mərasimində deputatlar, yerli hakimiyyət nümayəndələri, "SOCAR Ukrayna" şirkətinin nümayəndəsi, gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Açılışda çıxış edən Lvov vilayət radasının deputatı Andrey Karbovnik Azərbaycan diasporunun bu fəaliyyətini təqdir edib. Mərasimdə bildirilib ki, Almaniyadan dəvət olunan milliyyətcə azərbaycanlı məşqçilər Yusif Yusifzadə və İrac Həsənzadə yeni idman sarayında fəaliyyət göstərəcəklər. Sarayda bütün güləş və Şərq əlbəyaxa idman növləri üzrə məşqlər keçiriləcək. Ukraynada gedən hərbi əməliyyatlarda ölənlərin övladlarına, o cümlədən kimsəsiz uşaqlara sarayda pulsuz xidmət göstəriləcək. Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, belə layihələr gələcəkdə də həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31