“I Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə heç kimin şübhəsi yoxdur”

Anar Axundzadə: “Heç bir qüvvə bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsinə mənfi təsirini göstərə bilməz”

Beynəlxalq antiAzərbaycan şəbəkəsi var gücü ilə fəaliyyətdədir. Bu ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunlarına kölgə salmaq, onun statusunu kiçiltməyi çalışan bu qüvvələr müntəzəm olaraq Avropa Oyunları barədə müxtəlif iddia və qərəzli informasiyalar yaymaqla ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Ancaq 2012-ci ildə ölkəmizdə baş tutan "Evrovision" musiqi yarışması təcrübəsindən çıxış edərək deyə bilərik ki, antiAzərbaycan qüvvələrin bu dəfəki niyyətləri də baş tutmayacaq və Azərbaycan I Avropa Oyunlarını da yüksək səviyyədə həyata keçirəcək. Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Anar Axundzadə deyir ki, Azərbaycan kimi gənc dövlətn sürətlə inkişafı Azərbaycanın dostları kimi düşmənlərinin də iç üzünü ortaya çıxarır: "Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın dostları üçün nə qədər sevindirici haldırsa, təbii ki,  bu uğuru qısqananlar üçün də məğlubiyyət sayılır. Bu səbəbdən həmin qüvvələr hər vasitə ilə bu uğura kölgə salmağa çalışır və bundan sonra da çalışacaqlar. Ümumiyyətlə, bu bir danılmaz faktdır ki, inkişaf və güc alternativ insanlar və qurumlarda hər zaman paxıllıq və qısqanclıq hisslərini biruzə verir, onların iç üzlərini açır. Azərbaycan dövlətinin gənc yaşda belə bir sürətli inkişafı təbii ki, bu cür təşkilatları qısqandıracaqdır".

***

Anar Axundzadə hesab edir ki, bütün bu cəhdlərə baxmayaraq Azəbaycan qüdrətli dövlət olaraq hər zamankı kimi bu mötəbər tədbirdən də üzüağ çıxacaq: "Bununla da Azərbaycanın sürətli inkişafını bir daha əyani surətdə isbat edəcək. Bu yolda doğma məmləkətimizə uğurlar diləyirəm". Sabiq millət vəkili Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, onu gözdən salmağa çalışan qüvvələrin arxasında erməni lobbisinin dayandığını da istisna etməyib. Bildirib ki, tarixən erməni riyakarlığı həmişə Azərbaycana qarşı bir təxribat kimi istifadə edilmişdir: "Xüsusən də Ermənistanın iqtisadi böhran içində batması Ermənistanın işğalçı dövlətini, Azərbaycanın inkişafı qarşısında daha da məğlub duruma salmışdır. Bu səbəbdən erməni və ermənipərəst qüvvələrin Azərbaycanın belə bir əlamətdar beynəlxalq tədbirinə qarayaxmalar kompaniyası keçirmək üçün dəridən-qabıqdan çıxacaqlar. Amma bu da bir faktdır ki, artıq nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını və haqq işini dəstəkləməkdədir. Ona görə də tam qürur hissi ilə demək olar ki, artıq Ermənistanın Azərbaycan qarşısında heç bir təsir qüvvəsi ola bilməz". Anar Axundzadə hesab edir ki,  I Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə heç kimin şübhəsi yoxdur: "Və heç bir qüvvə bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsinə mənfi təsirini göstərə bilməz. Çünki Azərbaycanı bütün təhlükələrdən qoruyan uğurlu xarici və daxili siyasəti var və bu böyük siyasəti həyata keçirən qüdrətli prezidenti var". Sabiq millət vəkilinin sözlərinə görə, beynəlxalq idman yarışları həmişə birlik və sülh rəmzi kimi meydana gəlmişdir. Bu  gün isə  bu birliyə qarşı çirkin siyasi oyun aparanlar yalnız və yalnız məğlubiyyətə məhkumdurlar: "Burada bir siyasət var. Uğurlu iqtisadi siyasət və nailliyyət. Gənc Azərbaycan dövləti də iqtisadi uğurlarının nəticəsində bu cür mötəbər tədbirlərə evsahibliyi edir. Hesab edirəm ki, bununla yalnız qürur duymaq olar.
Hakim partiyanın üzvü Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən xarici dairələrə daxildəki bəzi siyasi qüvvələrin dəstək verməsindən də təəssüfləndiyini bildirib. O qeyd edib ki, qara fikirli, paxıl niyyətli insanlar üçün vətən, millət təəssübü yoxdur: "Onların yalnız mənfur niyyətləri var".


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31