“I Avropa Oyunları ən yüksək səviyyədə baş tutacaq”

Rauf Zeyni: “Bu oyunlar Azərbaycanın dövlətçilik pasportu olacaq”

I Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca bu yarışların Azərbaycanda keçirilməsini istəməyən daxili və xarici qüvvələrin də ölkəmiz əleyhinə təxribatlarınınn sayı artır. AntiAzərbaycan qüvvələri bu ərəfədə maksimum dərəcədə Azərbaycanı gözdən salmağa, onun beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmağa çalışırlar. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyir ki, hələ  "Evrovision" musiqi yarışması ərəfəsində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib ölkəmizin nüfuzuna xələl gətirmək istəyən qüvvələr bu gün yenidən fəallaşıblar: "Biz o zaman da Evrovision musiqi yarışması ərəfəsində Azərbaycana qarşı kampaniya aparan qüvvələrə, ayrı-ayrı beynəlxalq təşkilatlara öz sözümüzü demişik. O zaman Evrovision mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bir Ermənistan, bir də erməni lobbisinin maraqlarına xidmət edən müəyyən qüvvələr istəmirdi. İndi də Azərbaycan daha böyük bir ilkə imza atmağa hazırlaşır. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə 90 günə yaxın bir müddət qalıb. Ona görə də istər daxildə, istərsə də beynəlxalq aləmdə fəaliyyət göstərən müəyyən ünsürlər fəallaşıblar". Rauf Zeyni bildirib ki, əgər "Evrovision" mahnı müsabiqəsi Azərbaycanın turizm pasportu idisə, I Avropa Oyunları Azərbaycanın dövlətçilik və sivil cəmiyyət pasportu olacaq: "Bu mənim şəxsi fikirimdir. Bizim 24 il ərzində istər iqtisadiyyat, istər siyasi, istərsə də vətəndaş cəmiyyəti, tolenartlıq sahəsində əldə etdiyimiz ən yüksək nailiyyətlər Azərbaycanı sevməyən qüvvələri qıcıqlandırır. Azərbaycan bu gün mədəniyyət, dialoq, idman mərkəzidir, Şərqlə Qərb arasında düşüncə mərkəzi, dialoq körpüsüdür. Bu tendensiyanı qəbul edə bilməyən ünsürlər Azərbaycanı beynəlxalq aləmdə müəyyən mənada eybəcər təqdim etmək istəyir, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq əminliklə deyə bilərəm ki, həmin qüvvələr bunu bacarmayacaqlar. Çünki Azərbaycanın milli, bəşəri prezidenti onu "2020-ci il-Gələcəyə Baxış Proqramı"ndan irəli gələrək inamla irəli aparır. Bu gün bütün dünya Azərbaycanın inkişafından danışır. Bütün çətinliklərə, problemlərə, 20 faizə yazın ərazilərimizin işğal altında olması, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamasına baxmayaraq demək olar ki, bu dərəcədə inkişaf edən ikinci bir dövlət yoxdur". Milli QHT Forumunun prezidenti bildirib ki, Azərbaycan bu gün beynəlxalq neft-qaz layihələrinə imza atır, Avropanın enerji təhlükəsizliyinin əsas partnyorlarından biridir: "Eyni zamanda beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər, idman yarışları da Azərbaycanda keçirilir. Bütün bu nailiyyətlərin davamı olaraq I Avropa Oyunlarının Bakıda keçirilməsinə Azərbaycanı istəməyən qüvvəllər dözümlülük göstərə bilmirlər. Ona görə də həmin qüvvələr müntəzəm olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər". Rauf Zeyni qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələrin hansı fəaliyyət göstərməsindən asılı olmayaraq biz inkişaf dinamikasını, sabitlik və stabilliyi qoruyub saxlayacağıq: "Mən ümid edirəm ki, I Avropa Oyunları ən yüksək səviyyədə baş tutacaq və bu oyunlar Azərbaycanın dövlətçilik pasportu olacaq. Azərbaycan səfər edən bütün qonaqlar görəcəklər ki, cəmi 24 il müstəqil olmasına baxmayaraq Azərbaycan bu qədər inkişaf edib, müstəqil. Tolerant ölkə olub. Bunu dünya ictimaiyyətinə təqdim etmək üçün Avropa Oyunları bizim üçün çox gözəl bir imkandır".

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti onu da qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycana qarşı qərəzli şəkildə mənfi münasibət ortaya qoyan ünsürlərə daim öz etirazını bildirib, etiraz bəyanatları ünvanlayıb: "Bu forumun 16 illik fəaliyyətində daim prioritet olub. Milli Qeyri-Hökumət Təşkilatları Forumu hər zaman bu məsələlərdə öz mövqeyini ortaya qoyub. Bundan sonra da biz forum olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən, ölkəmizin nüfuzuna xələl gətirmək istəyən qüvvələrə qarşı kəskin mövqeyimizi ortaya qoyacağıq".


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31