Azərbaycan velosipedçiləri Asiya turlarına başlayır
6 Mart 2015 18:12 İdman"Le Tour de Langkawi" başlayır. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Asiya turlarına start verir. Komandamız martın 8-15-də Malayziyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparacaq. 21 komandanın iştirak edəcəyi 8 mərhələdən ibarət yürüşdə "Synergy Baku" 5 velosipedçi ilə təmsil olunacaq. Bunlar Elçin Əsədov, Ənvər Asanov, Elgün Əlizadə, Samir Cəbrayılov və Aleksandr Surutkoviçdir. Yarış xüsusən Azərbaycanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarında iştiraka namizəd olan Elgün, Samir və Ənvər üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən, 18 yaşlı E.Əlizadə yürüşün ən gənc 2 iştirakçısından biridir. 8 gün ərzində iştirakçılar ümumilikdə 1118 km məsafə qət edəcəkər. Builki yarışda Böyük Britaniyanın "Team Sky", Qazaxıstanın "Astana", Avsrtaliyanın "Orica GreenEDGE", Rusyanın "Tinkoff-Saxo" kimi Dünya Turu komandalarının, həmçinin 7 Prokontinental kollektivin iştirakını nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini əvvəlcədən söyləmək olar.