Azərbaycan kubokunun 1/4 final mərhələsi rəqəmlərin gözü ilə
2 Mart 2015 12:32 İdmanBu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ilk oyunlar eyni gündə - martın 4-də baş tutacaq.
"Neftçi" - AZAL - indiyədək görüşməyiblər
"İnter" - "Xəzər Lənkəran" - 8 oyun, +2=3-3, top fərqi 8:10
6-cı dəfə kubokda yolları kəsişən komandalar 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik "Xəzər Lənkəran" bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma "İnter" son 3 oyunda rəqibinə uduzmayıb.
"Qarabağ" - "Bakı" - 8 oyun, +5=2-1, top fərqi 10:5
Əvvəlki 4 dueldən yalnız birində mərhələ adlayan "Bakı" cəmi 1 matçda qələbə qazanıb. Böyük üstünlüyə malik "Qarabağ" son 3 ev oyununda qol buraxıb.
"Qəbələ" - "Simurq" - 2 oyun, +1=0-1, top fərqi 2:2
Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran "Qəbələ" mərhələ adlayıb.