“Körpələrə yardım” adı ilə 200 minlik dələduzluq edən şəxs ifşa olundu

Son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək, dələduzluq yolu ilə pul qazanmağa hesablanır. Bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Olaylar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini instaqram sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və digər səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

Rəsul Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 min manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.

Rəsul Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31