Mehdiyevlərin bankı “vuruldu” - ən çox şikayət ondan imiş

Mərkəzi Bank müştərilərin kütləvi şəkildə narazı qaldığı ASC-nin "Bank BTB" olduğunu açıqladı; sabiq PA rəhbərinin ailə üzvlərinə məxsus biznes ləğv oluna bilər 

Azərbaycan Mərkəzi Bankı (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib. Bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank "Bank BTB" ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir. 

Növbəti yerləri "Yelo Bank" ASC (2.88) və "Unibank" ASC (2.34) bölüşür. Ən az şikayət olunan bank 0.31 indekslə "Paşa Bank" ASC-dir. Bu sırada "Bank Respublika" ASC 0.68 indekslə ikincidir. Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.

Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır. Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.

Qeyd edək ki, ən çox şikayət olunan "Bank BTB" sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağan idi. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. "Bank BTB" ASC həm də "BTB Leasing" ASC və "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin təsisçisidir. Maliyyə hesabatlarına görə, "Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur. 

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır. 

Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib. Rza Sadiq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri olmuş İsmayıl Sadiqovun oğludur. İ.Sadiqov Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində də çalışıb.

Bu bankın həm göstəriciləri, həm ən çox şikayət olunması Mehdiyevlərin bu biznesinin əlindən çıxacağı ehtimalını gücləndirir. Yəni bankın lisenziyasının ləğvi istisna deyil. 

İqtisadçı Xalid Kərimlinin fikrincə, sırf şikayət indeksinə görə hər hansı bankın bağlanması mümkün deyil. "Yeni Müsavat"a şərhində ekspert bildirdi ki, AMB-nin bankların fəaliyyəti ilə bağlı məmnuniyyət indeksini açıqlaması bankların xidmətlərini təkmilləşdirməyə can atmasına gətirib çıxarır: "Hesab edirəm ki, bu, müştərilər üçün yaxşıdır. Banklar yalnız lisenziya tələblərinə cavab vermədikdə bağlana bilər. AMB-nin banklar qarşısında kapitalla, prudensial tədbirlərlə əlaqədar ciddi tələbləri var. Tələblər pozulduğu halda, AMB banklara zaman verir, bağlanma ilə bağlı qərar isə daha sonra verilir. Hər hansı qaydanın pozulması bankın ləğvi üçün dərhal əsaslar yaratmır. AMB-nin belə bir istəyi yoxdur, çünki bu, ciddi surətdə narazılığa səbəb ola və bank sektoruna inamsızlıq yarada bilər. Sözügedən indeksə əsasən bankla bağlı hər hansı tədbirin görülməsi gözlənilən deyil. Şikayət indeksinin açıqlanması bankların idarəetmədə yanaşmanı dəyişməsi üçündür. Zatən pis xidmət müştərilərin itirilməsinə gətirib çıxara bilər. Bu çərçivədə ən böyük sanksiya şikayət indeksinin elan edilməsidir". 

X.Kərimlinin sözlərinə görə, AMB sədri dəfələrlə mətbuat konfranslarında bildirib ki, hər hansı bankın problemli olması ilə razılaşmır: "AMB sədri hesab edir ki, bütün banklar normal tələblər çərçivəsində fəaliyyət göstərir. "Bank BTB"nin səhmdarları ilə bağlı məsələ var. Səhmdarların müəyyən ailəyə məxsusluğunun bank üzərində qara kölgələr yaradıb-yaratmaması məsələsinə gəlincə, səhmdarların problemləri bankın gələcəyi ilə bağlı inkişaf problemləri yarada bilər. İstənilən halda, səhmdarın problemi olsa da, bank rahat şəkildə fəaliyyət göstərə bilər. Səhmdarlar problem yaşasa da, hətta onlara cinayət işi açılsa belə, bu, bankın fəaliyyəti üçün problem deyil. Əsas qüvvə bankın İdarə Heyəti, Müşahidə Şurasıdır ki, onlar fəaliyyətini davam etdirir. Sırf şikayət indeksinə görə yox, digər məsələlərin bankın fəaliyyətinə problem yaratmaq ehtimalı var. Amma bu, iqtisadi və maliyyə məsələlərindən yox, siyasi məsələlərdən asılı olacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31