10 milyonluq qızılla tutulan polkovnik-leytenant qaçaqmalçılıqdan danışacaq – BU GÜN MƏHKƏMƏDİR

Bu gün, dekabrın 15-də Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə polkovnik-leytenant Qəhraman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. 

Olaylar.az xəbər verir ki, Qəhraman Məmmədov diplomatik statusdan istifadə etməklə xarici ölkədə qaçaqmalçılıq törətməkdə ittiham olunur. Faktla bağlı cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində istintaq edilib. Araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlu digər Azərbaycan və xarici ölkə vətəndaşları ilə sövdələşərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak edib. Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlib.

Həmin gün qabaqcadan əlbir olduğu şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə edərək, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərində yerləşən hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 391 min 970 manat 80 qəpik dəyərində olan, 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb. 

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçəsi olan və gömrük sərhədindən keçirilməmiş daha bir çanta da aşkar edilib. Qəhraman Məmmədov DTX-də davam edən cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Ötən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra hakim məhkəmə istintaqının aparılması qaydasının müəyyən edilməsi ilə bağlı tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra şahidlərin dindirilməsini və sübutların araşdırılmasını təklif edib. Təqsirləndirilən şəxs və onun vəkili buna etiraz etməyiblər. Hakimlər heyəti məhkəmə istintaqının əvvəlcə təqsirləndirilən şəxsin dindirilməsi, daha sonra şahidlərin dindirilməsi və sübutların araşdırılması mərhələləri üzrə aparılması barədə qərar qəbul edib. Bu gün keçiriləcək proses Qəhraman Məmmədovun dindirilməsi ilə davam etdiriləcək. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31