Ermənistan minalar istehsal edən 12 ölkədən biridir - Hafiz Səfixanov
13:37 HadisəPiyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsi və onların məhv edilməsi haqqında BMT Konvensiyası (Ottava Konvensiyası) 1 mart 1999-cu ildən qüvvəyə minib. Bu günə qədər Konvensiyaya üzv dövlətlərin sayı 166-dır, yəni dünya ölkələrinin 85%-i minaların qadağan olunmasını dəstəkləyir. Lakin, Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 31 ölkə hələ bu Konvensiyaya qoşulmayıb.
Olaylar.az xəbər verir ki, bu barədə bu gün "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və və ictimaiyyətə təqdim olunan "Landmine Monitor Report 2025" hesabatına həsr olunmuş mətbuat konfransında birliyin sədri Hafiz Səfixanov məlumat verib.
Onun sözlərinə görə, Konvensiyaya üzv olmayan 12 dövlətdən biri olan Ermənistan, piyada əleyhinə minalar hazırlayan, istehsal edən və ya əldə edən ölkələr siyahısındadır:
"Landmine Monitor 2025" hesabatında bildirilir ki, hesabat dövründə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində 52 ölkədə (bunlardan 36-sı üzv dövlətdir) 6,279 zərərçəkən qeydə alınıb. Bunlardan 1,945 nəfər həlak olub, 4,325 nəfər yaralanıb, 9 nəfərin statusu isə məlum deyil. Bu, 2020-ci ildən sonra illik ən yüksək göstərici olmaqla, itkilərin kəskin artdığını göstərir. Hesabat dövründə qlobal itkilərin 90%-ni mülki şəxslər (5,385 nəfər) təşkil edib və bu mülki şəxslərin 46%-i (1,701 nəfər) uşaqlardır".
"Hesabata görə, 57 ölkənin əraziləri piyadalar əleyhinə minalarla çirklənib. Üzv dövlətlər 2024-cü ildə ümumilikdə 1,114.82 km² çirklənmiş ərazinin azad edildiyini və nəticədə ən azı 105,640 piyada əleyhinə minanın məhv edildiyini bildiriblər. Ümumilikdə 32 üzv dövlət öz ərazilərindən bütün piyada əleyhinə minaların təmizlənməsini başa çatdırıb.
2024-cü ildə minalarla mübarizə üçün qlobal maliyyələşmə 1,07 milyard ABŞ dolları təşkil edib, bu isə 2023-cü ildə verilən 1,03 milyard dollardan 4% artım deməkdir. Bu artımın səbəbi minalarla mübarizə proqramlarına milli maliyyələşdirmənin artmasıdır. Lakin qeyd olunur ki, minalarla mübarizə proqramlarına beynəlxalq maliyyələşdirmə əvvəlki illə müqayisədə 5% azalıb", - deyə sədr əlavə edib.