DGK bu ay İrandan Estoniyaya gedən yükdən 90 milyon dollarlıq heroin müsadirə edib
12:13 HadisəBu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər.
Olaylar.az xəbər verir ki, Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub.
"Bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ-Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ-Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir", - deyə səfirliyin məlumatında qeyd olunub.

