Nazirlik qızlara aid bu kitaba qadağa qoydu – Yeni mübahisə
11:55 HadisəElm və Təhsil Nazirliyi yeniyetmə qızlara aid kitaba qadağa qoyub.
Olaylar.az xəbər verir ki, bunu "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
O bildirib ki, söhbət Donna Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabından gedir.
"Bu kitabın məktəb kitabxanalarına alınmasına qadağa qoyulub. Nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya kitabı məqsədəuyğun hesab etməyib. Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi.
Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Əminəm ki, nazirlikdə çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Bəs indi nə baş verdi? Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?. Əgər kitab "yeniyetmə qızların" deyil, "oğlanların necə dost qazanması" haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı", - Xuduoğlu qeyd edib.