"AFEN Plaza"da partlayış nəyə görə olub? - RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən "AFEN Plaza"da baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

"AFEN Plaza"nın sahibi Əbülfət Əliyev jurnalistlərə bildirib ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb:

"Yolda magistral qaz xətti çəkirdilər. Qazıntı zamanı traktorlar həmin xətti zədələmişdilər. Üç gün bundan əvvəl isə dedilər ki, həmin zədələnməni bərpa ediblər. Görünür ki, bərpanı düzgün etməyiblər, qaz sızması olub və nəticədə partlayış baş verib".

O qeyd edib ki, rəhbəri olduğu binada qaz olmayıb:

"Hazırda dayandığımız yerin altından böyük qaz xətti keçir və burada qaz sızması var. Burada dayanmağın özü belə təhlükəlidir. Binada qaz yoxdur. Bizdə qaz çardaqdadır, havalar yaxşı keçdiyindən qaz qoşulmayıb. Qaz zirzəmiyə toplanıb və işçi gəlib işığı yandıran kimi qaz partlayışı baş verib. Hələ ki, nə qədər zərər dəydiyi hesablanmayıb. Bütün bunlar məsuliyyətsizlik nəticəsində baş verib".

Bəs "Azəriqaz" İstehsalat Birliyi plaza rəhbərinin bu iddiaları ilə razılaşırmı?

ELDEN.jpg (57 KB)

Məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev Musavat.com-a danışıb:

"Hadisənin baş verməsi ilə bağlı məlumat alındıqdan sonra bizim də əməkdaşlarımız hadisə yerində olublar. "Azəriqaz" İstehsalat Birliyinə aid olan boru xətləri təftiş edilib.

Məlumat üçün bildirək ki, həmin binada hələlik qazın verilişi təmin edilməyib. Lakin ətrafdan gedən boru xətlərində hansısa nasazlığın yarandığı barədə məlumatlar səsləndirilir.

Düşünürəm ki, bu cür iddiaların səsləndirilməsi hələlik erkəndir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmalar aparır və istintaq işlərini izləyirlər. Ən doğru məlumat istintaq yekunlaşdıqdan sonra cəmiyyətə açıqlanacaq. Bu baxımdan, iddialar və səslənən ittihamlar istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31