Hələ də zorakılığa məruz qalan qadınlarımız var-Komitə sədri
12:29 Hadisə"Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq "Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü" elan edib. Və bu il, bu günün 26 ili tamam olur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri, professor Hicran Hüseynova açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, 30 il bundan əvvəl ulu undərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşuldu: "Onun və Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəmizdə qadınlara münasibətdə zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası formalaşıb. Müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və qaydalar təsdiqlənib. Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qanunvericilik təşəbbüsləri bu istiqamətdə mühüm təkan olub. Xanım sədr, siz müxtəlif vaxtlarda beynəlxalq səviyyədə bu məsələləri səsləndirmisiniz. Eyni zamanda, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti tərəfindən mühüm layihələr, tədbirlər həyata keçirilir".
Komitə sədri bildirib ki, ancaq, nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var: "Hələ də, zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Və bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Qeyd etmək lazımdır ki, zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar".