Türkiyənin qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni detallar açıqlandı
12:38 HadisəGürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan, içərisində 20 Türkiyə hərbçisinin olduğu C-130-un qalıqları üzərində araşdırma işləri davam edir, artıq 19 şəhidin nəşi tapılıb, 1 hərbçinin axtarışı isə hələ də davam edir. Təyyarənin qara qutusu da tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, havada üç yerə ayrılan təyyarədə partlayış və ya yanğın baş verməyib. Həlak olan hərbçilərin nəşləri noyabrın 14-də Türkiyəyə gətiriləcək. Uçuş zamanı təyyarə pilotlarının danışıqları və sistem fəaliyyətini qeydə alan qara qutunun incələnməsi nəticəsində qəzanın səbəbinin müəyyənləşdiriləcəyi gözlənilir.
Hadisə yerində Türkiyə və Gürcüstan rəsmiləri birgə işləyirlər. Mütəxəssislər ilkin hesabat hazırlamaq üçün araşdırmalar aparır. Qəza yerindən toplanan bütün qalıqlar Kayseridəki 12-ci Hava Nəqliyyat Bazasına aparılacaq və orada geniş texniki təhlil keçiriləcək. Erkiletdə aparılacaq detallı araşdırmadan sonra faciənin dəqiq səbəbi müəyyən ediləcək.
Gürcüstan daxili işlər naziri Gela Geladze hadisə ilə bağlı araşdırmanın Türkiyə ilə sıx əməkdaşlıq şəraitində aparıldığını açıqlayıb: "Türkiyəli həmkarlarımızla birgə beynəlxalq axtarış-xilasetmə qrupu yaratmışıq".
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarə noyabrın 11-də Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə, Sinyaxi bölgəsində qəzaya uğrayıb. Gürcüstan hava məkanına daxil olmasından bir neçə dəqiqə sonra təyyarə ilə radar əlaqəsi kəsilib.
Təyyarənin heç bir fövqəladə vəziyyət siqnalı göndərmədiyi bildirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin əvvəlcə quyruq hissəsinin qopduğu, daha sonra isə dörd mühərrikli əsas gövdənin dönərək yerə düşdüyü görünür.
Hadisə şahidləri havada nə partlayış, nə də yanğın olmadığını, yanğının yalnız təyyarə yerə düşdükdən sonra başladığını və bundan sonra partlayış səsi eşidildiyini deyiblər. (Teleqraf)