Qənirə Ataşova saxta həkimlərdən danışdı - VİDEO

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastının növbəti qonağı ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova olub.

Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, o, Azərbaycanda artan plastik əməliyyat dalğasından və bu sahədəki saxtakarlıqlardan danışıb:

"Hər dəfə Bakıya gələndə burada çox dəyişkən qadınlar görürdüm. İki gün əvvəl bir kino mərkəzinə getmişdim, orada da mən eyni bədən quruluşlu xanımlar gördüm. Bizim o qədər də hündür boyumuz yoxdur axı, bizim özümüzə uyğun fiquramız var. Soruşdum ki, necə belə bizim qadınlar dəyişə bilər? Dedilər, Azərbaycanda plastik əməliyyatlar çox ucuzdur. Beləcə, bu mənim yaddaşımın bir kənarında qaldı".

Ataşova bildirib ki, daha sonra bir kitab təqdimatında tanış olduğu müəllimin danışdıqları onu araşdırma aparmağa vadar edib:

"Müəllim hərbçi yoldaşı ilə tez-tez yerlər dəyişirmiş. Bakıya qayıdanda müəllim kimi iş tapa bilməyib və bir klinikada  işləməyə başlayıb. Orada bir cərrah onlara əməliyyat üsullarını öyrədirmiş. Müəllim deyir ki, birdən ayıldım mən cərrah deyiləm, şagirdlərimə dürüstlüyü öyrədən biriyəm, bunu necə edə bilərəm? Beləcə, işdən çıxıb. Amma onunla bərabər öyrənənlər indi müxtəlif klinikalarda işləyir. Ali təhsilli həkim həkim olmayanlara cərrahlığı öyrədir.

Sonra gördüm ki, bu saxtakarlığın kökü daha dərindədir. Ziyalı bildiyimiz bəzi həkimlər saxta sənədliləri yetişdirib, hətta öz diplomlarını da saxtalaşdırıblar. Bu prosesin içində təkmilləşdirmə institutları da var. Daha irəli gedəndə isə möhür vuran dövlət orqanlarının adları üzə çıxır. Yəni saxtakarlıq sistem səviyyəsinə qədər gedib çıxıb. Siyahı mənə gəldi".

Q.Ataşova əlavə edib ki, o, bu mövzuya şəxsi maraqla deyil, peşəkarlıq hissi ilə yanaşıb:

"Heç vaxt sifarişlə işləməmişəm. Məni tanıyan ANS kollektivi bilir ki, başladığım araşdırmanı sonuna qədər aparıram. Hələ ANS dövründən araşdırmaçı jurnalist kimi tanınmışam. Burada da gördüklərimdən sonra hər şeyi yoxladım: həkimin təhsilindən tutmuş, otağında asdığı sertifikata qədər. Necə ola bilər ki, stomatoloq sabah cərrah sertifikatı alır? Diplomsuz həkimin yanında dayanmaram. Həmişə müraciət etdiyim və şəfasını gördüyüm həkimləri açıq şəkildə paylaşmışam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31